Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

İsti yay günlərində yanğın təhlükəsizliyinin təmin edilməsi vacibdir

17 aprel 2026 | 17:30

İsti yay günlərində baş vermə ehtimalı yüksək olan xoşagəlməz hadisələrdən biri də yanğınlardır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaşların da üzərinə mühüm vəzifələr düşür. Külli miqdarda ziyanla nəticələnən yanğınların baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə xüsusi diqqət yetirilməlidir.

Təbiətə gözəllik bəxş edən meşələrin yanğından qorunması isə ən qiymətli sərvətlərimizdən birinin mühafizəsi deməkdir. İnsanların həyat fəaliyyətində və sağlamlığında mühüm rol oynayan meşələr daim qayğıya ehtiyac duyur. Bu səbəbdən meşələrdən istifadə etməklə yanaşı, onları qorumaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur.

Meşələrin məhv olmasının əsas səbəblərindən biri də yanğınlardır. Məhz buna görə insanların həyatında mühüm rol oynayan meşələrin qorunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi tövsiyə edir.

Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər, o cümlədən meşə-mühafizə mühəndisləri bu qaydaları dərindən bilməli, meşə sahələrində yanğına qarşı ciddi rejim tətbiq etməli və onun icrasına daim nəzarət etməlidirlər. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə texnikasının və vasitələrinin sazlığını yoxlamalı, su mənbələrinin, yolların və keçidlərin vəziyyətini nəzarətdə saxlamalı, həmçinin işçilərlə mütəmadi təlimlər keçirməlidirlər.

Bundan əlavə, meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola biləcək amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməli, yanğınsöndürmə vasitələrinə vaxtında texniki xidmət göstərilməlidir.

Statistikaya görə, meşə yanğınlarının böyük əksəriyyəti insanların ehtiyatsız davranışı nəticəsində baş verir. Tonqalların tam söndürülmədən tərk edilməsi, söndürülməmiş kibrit və siqaret kötüklərinin atılması, nəqliyyat vasitələrindən çıxan qığılcımlar yanğınların əsas səbəblərindəndir. Eyni zamanda, yanar mayelərlə çirklənmiş materialların meşəyə atılması, torf və bitki köklərinin yandırılması, eləcə də şüşə qab və qırıntıların meşədə qalması yanğın təhlükəsini artırır.

Yanğınların qarşısının alınması üçün müəyyən olunmamış yerlərdə nəqliyyat vasitələrinə yanacaq doldurulması və həmin ərazilərdə tonqal qalınması qadağandır. Meşə sahələri və yollar yanğın əleyhinə zolaqlarla təmin edilməli, quru ot və odun qalıqlarından təmizlənməlidir. Tikililərin ətrafı isə təhlükəsizlik məqsədilə xüsusi qaydada hazırlanmalıdır.

Yay mövsümündə meşələrdə yanğın təhlükəsi daha da artır. Bu səbəbdən məsul şəxslər tərəfindən meşədaxili və ətraf ərazilər mütəmadi yoxlanılmalı, yanğın baş verdikdə isə dərhal mövcud vasitələrlə ilkin müdaxilə olunmalıdır.

Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, həm ölkənin iqtisadi inkişafına, həm də insanların sağlamlığının qorunmasına töhfə verir.

Yanğın və ya alışma hadisəsi baş verdiyi təqdirdə dərhal “112” nömrəsinə zəng etməyi unutmayın.

FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsi

Keçidlər