“Hüquqlarımızı tanıyaq” mövzusunda tədbir keçirilib
Noyabrın 15-də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Hüquqlarımızı tanıyaq” mövzusunda rayon icra hakimiyyəti, rayon polis şöbəsinin məsul əməkdaşları, şəhər tam orta məktəblərin müəllim və şagirdləri, həmçinin mətbuat nümayəndələrinin iştirakı ilə Ağcabədi şəhər Səməd Vurğun adına 4 saylı və Məmməd Aranlı adına şəhər 11 saylı tam orta məktəblərdə maarifləndirici tədbirlər keçirilib. Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ülkər Kərimova ilk öncə hər kəsi salamlayıb, sonra “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən görüşün mahiyyəti haqqında geniş məlumat verib. O, çıxışında uşaqların erkən nikaha cəlb edilməsinin günümüzün aktual problemlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, erkən nikahalar fərdin psixi və fiziki inkişafına mane olur, onu cəmiyyətdən təcrid edir. Çıxış edən rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru, polis mayoru Taleh Abbasov ölkəmizdə erkən nikahların bağlanmasına qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışıb, mütəmadi olaraq bu sahədə maarifləndirici görüşlərin keçirildiyini bildirib. Hər iki məktəbdə baş tutan görüşdə həmçinin narkotik maddələrdən istifadəyə məcbur edilmə, o cümlədən zorakalıq halları barədə də məlumat verilib. Görüşlər qarşılıqlı diskusiya şəklində davam edib. Qeyd edək ki, Ağcabədi rayon tam orta məktəblərində təhsil alan şagirdlərin psixoloji vəziyyətini yaxından öyrənmək, onları narahat edən məsələlərdə hüquqi dəstəyin göstərilməsi məqsədilə keçirilən belə tədbirlərin 20 noyabr tarixinə qədər keçirilməsi nəzərdə tutulur.