Hindarx qəsəbəsində məktəblilərlə maarifləndirici görüş keçirilmişdir.
04 aprel 2025 | 19:52
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən tədbirlər içirisində “Azyaşlıların hüquq və vəzifələri” mövzusunda həyata keçirilən maarifləndirici tədbirlər də xüsusi yer tutur. Artıq aprelin 4-dən başlayaraq ümumtəhsil məktəblərində bu tədbirlərin keçirilməsinə başlanılıb. İlk tədbir Hindarx qəsəbəsində təşkil olunub. Hindarx qəsəbə 1 saylı tam orta və 3 saylı ümumorta məktəblərinin şagirdləri, hər iki məktəbin psixoloqları və bir sıra müəllimlərlə keçirilən görüşdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftəliyeva, həmin şöbənin aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ülkər Kərimova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, eləcə də Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi Rayonu üzrə təhsil sektorunun və Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər. Tədbiri açan Sevinc Niftalıyeva uşaqların hüquqları haqqında ətaflı məlumat verib. O, həmçinin erkən nigah mövzusuna toxunaraq qeyd edib ki, erkən nikah, yaşı 18-dən az olan uşaqların və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycanda da hər kəsin qanunla nəzərdə tutulmuş yaşa – yəni 18 yaşa çatdıqda ailə qurmaq hüququ olduğunu qeyd edən Sevinc Niftalıyeva bildirib ki, bu yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır.
Sonra Ülkər Kərimova çıxış edib. O, söhbətini şagirdlərlə diskussiya şəklində apararaq uşaqlıq və yetkinlik arasında baş verən fiziki, psixoloji və sosial inkişaf dövrü haqqında ətraflı məlumat verib, bu yaşlarda baş verən zahiri dəyişikliklərin həm də kənardan diqqət çəkdiyini və bu diqqətə qarşılıq vermək istəyinin həm də böyük səhvlərə yol aça biləcəyini ətraflı şəkildə izah edərək şagirdləri diqqətli olmağa, tanımadıqları insanlara dərhal inanmamağa çağırıb, həmçinin erkən nigah haqqında danışaraq bunun verə biləcəyi psixoloji zədələrdən geniş söz açıb.
“Aran” qəzetinin redaktoru Məhsəti Musa isə öz çıxışında erkən nikaha qarşı maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, təntənəli nişan,toy mərasimlərinin gözqamaşdırıcılığından, bahalı zinət əşyalarının, geyimlərin yeniyetmə qızlarımızda yaratdığı evlilik meyillərindən söz açaraq bütün bunların müvəqqəti olduğunu diqqətə çatdırıb, məhz evlilik həyatına atılandan sonra başlanan problemlərdən danışıb.O,hələ psixoloji, mənəvi, fiziki cəhətdən evliliyə hazır olmayan məktəblilərin birdən-birə ailə həyatına atıldıqda yaşaya biləcəyi problemlərdən danışıb, xüsusilə qızları təhsildən yayınmamağa, öz hüquqlarını bilməyə, gələcək həyatlarında çətinliklərdən çıxış yolu tapa bilmək üçün təhsil almağa və ya müəyyən peşəyə yiyələnməyə çağırıb.
Ağcabədi rayonu üzrə təhsil Sektorunun əməkdaşı Əliş Rüstəmov və həkim- pediatr Yeganə Həşimova da aidiyyəti üzrə şagirdlərə öz tövsiyələrini veriblər.
Sonra şagirdlərlə fikir mübadiləsi aparılıb,onları maraqlandıran suallar cavablandırılıb.