Hindarx qəsəbəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu noyabrın 26-da Hindarx qəsəbəsindəki 3 saylı ümumi orta məktəbdə keçirilib. Görüşdən öncə məktəbin həyətində şəhid Qaraş Əliyevin büstü ziyarət olunub.
Qəbul zamanı icra başçısı yeni istifadəyə verilmiş məktəbdə şagirdlər üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd edib və bu təhsil müəssisəsinin ümumi orta yox, tam orta məktəb kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə aidiyyəti qurumlara müraciət hazırlanması tapşırılıb.
Sakinlərin çıxışları ilə davam edən qəbulda bir sıra xahiş və təkliflər - Şəhid Qaraş Əliyev və şəhid Adil Quliyev küçələrinin adlarının bir-biri ilə dəyişdirilməsi, qonşu kəndə qaz çəkilişi zamanı Hindarx ərazisində bəzi yolların dağılması və bərpa olunmaması, vətəndaşın şəxsi əkin sahəsinin suvarılmasında yaşanan çətinliklər, qəsəbə sakinlərinin rahat hərəkəti üçün marşrut xətlərinin açılması və digər sosial məsələlər yer alıb.
Bəzi çıxışlarda isə görülən işlərə görə minnətdarlıq bildirilib. Məsələn, əvvəlki qəbul zamanı rayon rəhbərinin tapşırığı ilə zavodla bir vətəndaş arasında yaranan müqavilə problemi həll olunub. Həmçinin kənd bələdiyyəsinin fəaliyyəti də sakinlər tərəfindən müsbət qiymətləndirilib.
Qaldırılan bütün müraciətlər dinlənilib, məsul şəxslərin münasibəti öyrənilib və müvafiq tapşırıqlar verilib.






