“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil olunub
Fevralın 1-də “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə təşkilatçı qurumun, Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, “Asan Xidmət” Mərkəzinin, Ağcabədi Qadın Resurs Mərkəzinin, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənin müdafiəsi zamanı şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva qarşıdan gələn 2 Fevral Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik edib, onlara şəxsi və iş həyatlarında bol nailiyyətlər arzulayıb. S.Niftalıyeva bildirib ki, ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi, inkişafı üçün müvafiq addımlar atıb. Buna misal olaraq, 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaradılmasını qeyd edə bilərik.
Bildirilib ki, Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin isə “Könüllülər ili” elan edilməsi gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonra Heydər Əliyev Mərkəzinin elmi işçisi, Vətən müharibəsi qazisi Ruhin Hüseynov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib.
Daha sonra çıxış edən Çinarə Ağayeva, Şövkət Quliyeva və başqaları Ulu Öndərin gənclərə və gəncliyə hər zaman etimad göstərdiyini bildiriblər. Qeyd olunub ki, artıq bu gün gənclər siyasəti mahiyyət və keyfiyyət etibarı ilə yeni mərhələsini yaşayır.
Görüş müzakirəli şəkildə davam edib.