Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 14-də rayonun Avşar kəndində I Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin anım tədbiri keçirilib.

15 fevral 2025 | 17:05
Fevralın 14-də rayonun Avşar kəndində I Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin anım tədbiri keçirilib. Şəhidin adını daşıyan Avşar kənd 2 saylı tam orta məktəbində keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsi, rayon Təhsil Sektorunun əməkdaşları, şəhidin ailə üzvləri, “N” saylı hərbi hissənin bir qrup əsgər və zabiti, məktəbin müəllim və şagird kollektivi, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları milli qəhrəmanın məktəbin həyətində ucaldılmış büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər, şəhidin ruhuna dərin ehtiramlarını nümayiş etdiriblər.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov çıxış edərək Namiq Abdullayevin qısa, amma şərəfli ömür yolundan, eləcə də onun simasında minlərlə oğullarımızın torpaqlarımızın azadlığı uğrunda canından keçdiyindən, onların düşmən qarşısında göstərdikləri misilsiz qəhrəmanlıqlardan söz açıb. Şöhrət Orucov eyni zamanda Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən, həmçinin 2023-cü ilin sentyabr ayında rəşadətli Ordumuz tərəfindən Qarabağda həyata keçirilən antiterror tədbirlərindən də danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin əməkdaşı, kapitan İlkin Alıyev, “N” saylı hərbi hissələrin zabitləri, mayor Yusif Cəfərov və baş leytenant Rahib Heydərli, Respublikanın Əməkdar müəllimi Ədalət Hüseynov, Kərim Ələkbərov, Yasin Cəfərov və məktəbin direktoru Mahir Paşayev, eləcə də digərləri çıxış ediblər. Qeyd olunub ki, şanlı Ordumuz torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa ediblər, şəhidlərimizin qisası döyüş meydanında düşməndən layiqincə alınıb. İndi bayrağımız bütöv, azad Qarabağda dalğalanır – deyə natiqlər qeyd ediblər.
Sonda şəhidin adını daşıyan Avşar kənd 2 saylı tam orta məktəbinin şagirdləri şeirlər səsləndiriblər, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Qeyd edək ki, Namiq Vahid oğlu Abadullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində doğulub. Namiq 1993-cü ildə Xocavənd rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Ulu öndər Heydər Əliyevin 1994-cü il tarixli 202 saylı Sərəncamına əsasən Namiq Abdullayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Keçidlər