Şriftin ölçüsü :

Saytın rəngi :

Evin kiçik, elin böyük oğlu Nəcəf

26 dekabr 2022 | 16:56

– Onunla bağlı hansı xatirələriniz var?

-O nə yaşadı ki, nə xatirəsi də olsun?

Sualıma sualla cavab verir şəhid bacısı … 

Hər ikimiz susuruq. Uzaqlara zillənir baxışları. Sonra gözlərində bir solğun işartı hiss edirəm.Görəsən nələr canlanır xəyalında… Nə isə danışacağına ümid edirəm. Amma o, yenə də ümidimi qırır :- Çox gənc idi Nəcəf. Nə yaşı var idi ki? 

   Bəli, söhbət I Qarabağ müharibəsi şəhidi Nəcəf Allahverdiyevdən gedir. Həmsöhbətim isə onun bacısı Rəna Allahverdiyevadır. 

    Deyirlər torpağın üzü soyuq olur. İllər keçdikcə əzizlərinin dünyasını dəyişməyini qəbul edə bilirsən. Amma Rəna xanımla, həmçinin onun digər bacıları ilə söhbət zamanı bunun əksini görürəm.  Onlar üçün Nəcəf haqqında keçmiş zamanda danışmaq həddindən artıq çətindir. Ailədə 7 bacı, 2 qardaş olublar. Amma hər kəsin öz yeri, öz dəyəri, öz sevgisi olub. Əlbəttə, kiçik övlad ölduğu üçün valideynləri kimi elə bacıları da hər zaman uşaq biliblər. 1973-cü ildə doğulan Nəcəf Ağcabədidəki  7 saylı orta məktəbi də bitirib, hərbi xidmətə də yollanıb, 1993-cü ilin dekabrında Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşlərdə də döyüşüb, şəhidlik zirvəsinə ucalıb, bir evin oğlundan bir elin oğluna çevrilib, amma ailəsinin gözündə heç böyüməyib, elə körpə uşaq kimi qalıb. Onu xatırlayanda, onun üçün göz yaşı tökəndə də dillərində bu sözlər olub: 20 yaş nə yaşdır axı? 

Rəna xanımın bu mövzuda danışmaqda çətinlik çəkdiyini görüncə qardaşının şəkillərini, haqqında yazılan yazıları istəyirəm. Xeyli qəzet təqdim edir mənə. Şəhidimizin özü haqqında, döyüş yolu haqqında təsirli, dəyərli məqalələrlə tanış oluram. Amma ilk olaraq diqqətimi qəzetdəki bir neçə şeir çəkir. Hər halda özüm də şeir yazmağa meyilli olduğumdandır yəqin ki. Şeirlərin biri 1994-cü ildə Leyla adlı bir şagird tərəfindən yazılıb. O vaxt VIII sinif şagirdi olan bu qız şəhidlərin ölməzliyini öz balaca qəlbindən süzüldüyü kimi ifadə etməyə çalışıb:

…Ölüm deyil, şan-şöhrətdir,

Qəm yeməsin Qüdrət baba,

Zaman-zaman yaşadacaq,

Nəcəfləri bu el-oba.

Ömür verib azadlığa,

Arzuları doyulmazdır.

Şəhid olub bir döyüşdə,

Şəhid qanı yuyulmazdır...

“Aran” qəzetinin elə həmin ildə çıxan daha bir sayında şəhid Nəcəf Allahverdiyevin anasının dilindən yazılmış şeirə baxıram. Qəzetin o vaxtkı əməkdaşı Adil Əsgər şəhid anası Quba xalanın acılarını dilə gətirib, onu necə duyduğunu, dərdinə şərik olduğunu şeir diliylə təqdim etmək istəyib:

Səfərin bitməz oldu,

Layla, Nəcəfim, layla!

Vəslimə yetməz oldu,

Layla, Nəcəfim, layla!

Dağlarımın qarıydın,

Bağlarımın barıydın,

Elin iftixarıydın,

Layla, Nəcəfim , layla!

Payıma acı düşdü,

Yemədim,acı düşdü,

Başımın tacı düşdü,

Layla, Nəcəfim, layla!…

20 yaşında şəhid olan Nəcəfin bu il 29-cu anım günü qeyd olunur. Yaşadığı illərdən daha artıq il deməkdir bu. Amma bu illər ərzində unudulmadı, hər zaman sevgiylə, ehtiramla anıldı Nəcəf Allahverdiyev. Vətənin ən ağır günlərində 7 bacının əkiz qardaşları eyni vaxtda əsgəri xidmətə yollandılar. O vaxt hətta hərbi komissarlıq tərəfindən də bu, qəbul edilməmişdi. Onlardan birinin ailədə qalması məsləhət görülmüşdü. Amma qardaşlar israrla hərbi xidmətə yollanırlar. Və…  

 Bacısının da söylədiyi kimi az yaşadı Nəcəf… 20 illik ömründə onlar üçün o qədər də xatirə qoyub gedə bilmədi. Lakin adını bütün elin qəlbinə yazıb getdi.  İndi atası Qüdrət kişi də, anası Quba xala da bu həyatda yoxdur. Amma onlar dünyalarını dəyişsələr də, Ağcabədi camaatı Nəcəfi və onun kimi fədaklar oğullarımızı heç vaxt unutmur, hər zaman ehtiramla yad edir.

     Dekabrın 24-də Nəcəf Allahverdiyevin adını daşıyan , vaxtilə onun təhsil aldığı Ağcabədi Peşə Məktəbinin kollektivi, şəhidin ailə üzvləri, “Aran” qəzetinin nümayəndələri birlikdə Qəhrəmanlar Parkına gedərək anım günü münasibətilə onun məzarını ziyarət etdilər,üzərinı tər çiçəklər düzdülər, haqqında öz ürək sözlərini söylədilər… 

       Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxundu.

Keçidlər