Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Ağcabədi regional “Asan Xidmət” mərkəzi, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qarabağ regional nümayəndəliyinin birgə əməkdaşlığı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ağcabədi regional “Asan Xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov açaraq dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən,Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, reabilitasiya xidmətləri haqqında danışıb. Bildirib ki, əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur.
GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova çıxış edərək, əlilliyi olan şəxslərin hüquqları, bundan irəli gələn və ölkəmiz üçün aktual olan problemlər barədə danışıb. Gəncləri bu mövzuda daha aktiv olmağa və əlilliyi olan insanlarla ünsiyyət qurarkən onlara qarşı mərhəmət hissi ilə deyil, onların da bizlər kimi insan olmasına önəm vermələrinin vacibliyini vurğulayıb. O, əlilliyi olan insanların inkluziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu bildirməklə yanaşı, iştirakçılara inkluziya termini haqda da ətraflı məlumat verib.
GİKM-nin Qarabağ regional nümayəndəliyinin koordinatoru Fuad Əliyev də çıxış edərək əlilliyi olan şəxslərə dəstək olmağın önəmindən danışıb. Əlilliyi olan uşaqların istedadının, potensialının üzə çıxmasında insanların davranışının və dəstəyinin vacib olduğunu qeyd edib. Bildirib ki, əlilliyi olan uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, onların qayğısına qaldıqda onlar daha böyük işlər görə bilərlər.
Tədbir çərçivəsində Ağcabədi regional “Asan Xidmət” mərkəzinin,GTM Qarabağ ofisinin, GİKM-nin Qarabağ regional nümayəndəliyinin könüllüəri tərəfindən əlilliyi olan uşaqlara 5 bacarığın inkişafı ilə əlaqədar olaraq əl işləri üzrə praktiki məşğələlər keçirilib. Uşaqlar əyləncəli fəaliyyətlərə qoşularaq əylənək öyrəniblər.
Sonda əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.