Dəmiryol zolağındakı qanunsuz tikililərlə bağlı iclas keçirilib
Bu günlərdə Ağcabədi Rayon İcra Hakimiyyətində Vətəgə- Ağcabədi dəmir yolunun mühafizə zolağında aparılmış qanunsuz tikinti işləri və digər müdaxilələrin araşdırılması üçün yaradılmış rayon komissiyasının iclası keçirilib.
İclasda yaradılmış komissiyanın üzvləri iştirak ediblər.
İclasda komissiyanın sədri Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının I müavini Xətai Zeynalov çıxış edərək, dəmir yolları üzərində müvafiq normaların pozulması hallarının müşahidə olunduğundan, dəmir yolunun mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılmasından və nəticədə xoşagəlməz halların yaşanmasından söz açıb. X. Zeynalov qeyd edib ki, bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq tədbirlər görülür.
Yekunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Vətəgə-Ağcabədi dəmir yolu xəttinin rayonun inzibati ərazisindən keçən hissələrində dəmir yolunun mühafizə zolağında aparılmış qanunsuz tikinti işləri və digər müdaxilələrin araşdırılması üçün yaradılmış rayon komissiyasının iclasında məsələ ilə bağlı qeyd edilənlər nəzərə alınmaqla komissiya tərəfindən yerlərdə mütəxəssislərin iştirakı təmin edilməklə dəmir yolunun rayonun inzibati ərazisindən keçən hissəsində qanunsuz inşa edilmiş tikinti obyektlərinə baxış keçirilməsi və nəticəsi barədə akt tərtib edilməklə müvafiq sənədləşdirilmə işlərinin aparılması barədə qərar komissiya üzvləri tərəfindən qəbul edilmişdir.