“Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirilib.
Ağcabədidə Aqrar Sığorta Fondu kənd təsərrüfatı bitkilərinin,heyvandarlıq təsərrüfatlarının və balıqçılığın sığortalanması sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Dekabrın 14-də Aqrar Sığorta Fondu və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda tədbir keçirilib. Rayon icra hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə təşkilatçı qurumların, aidiyyəti idarə, müəssisələrin əməkdaşları, yerli icra nümayəndələri, bələdiyyələr, fermerlər iştirak ediblər.
Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Toğrul Bünyatov aqrar sığortanın faydaları ilə bağlı məlumat verib. Bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstəyidir.
Sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Roman Əmircanov fermerlərə aqrar sığorta, onun üstün cəhətləri, eləcə də sığorta ödənişləri barədə məlumat verib. Qeyd olunub ki, Fond ölkə Prezidentinin 2019-cu il 19 avqust tarixli fərmanına əsasən yaradılıb.
Daha sonra Fondun ümumi şöbəsinin müdiri Əli Əhmədov isə çıxışında aqrar sığorta ilə əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və balıqçılıq təsərrüfatlarının sığorta edilməsindən söz açıb. O, bildirib ki, aqrar sığorta vasitəsilə təsərrüfatları dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel, subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar, üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri və zərərvericilərdən sığorta etmək mümkündür. Fermerlərə dəstək üçün sığorta haqqının 50 faizini dövlət ödəyir. Çıxışda həmçinin bölgələr üzrə də sığortalamanın məbləği, sığorta kalkulyatoru barədə məlumat verilib. Yekunda iştirakçılara bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandrılıb.