Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağcabədidə 40 min tona yaxın pambıq istehsalı gözlənilir

06 sentyabr 2022 | 08:42

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2022-ci ildə rayonda 11 min 838,58 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Hazırda pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 51 kombayn, 153 traktor, 302 qoşqu, 8 yükləyici, 45 çiləyici cəlb edəcək. Yaxın günlərdə defolyasiya işlərinə başlanılacaq. Bu mövsüm rayon üzrə 40 min tona yaxın pambıq istehsalı gözlənilir.

Qeyd edək ki, 2021-ci ildə Ağcabədi rayonunda 11 min hektar sahədə pambıq əkilib, 33 min 517,213 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,47 sentner olub.

Keçidlər