Böyük Britaniya səfiri Ağcabədinin icra başçısı ilə görüşüb
Böyük Britaniya və Şimali İrlandiya kralığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbul edilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səfiri salamladıqdan sonra Ağcabədi rayonu, onun tarixi və iqtisadi potensialı barədə geniş məlumat vermiş, rayonun həm tarixi Qarabağın, həm də Qarabağ iqtisadi rayonunun bir parçası kimi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır.
Fergus Auld xoş qarşılanma üçün minnətdarlığını çatdırmışdır. İlk öncə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev haqqında xoş fikirlərini və təəssüratlarını bildirmişdir. Bakı şəhərindən kənara çıxaraq bölgələrdə insanların real həyatı ilə tanışlığı səfərinin əsas məqsədlərindən olduğunu qeyd etmiş, iki ölkə arasında siyasi və mədəni əlaqələrdən danışmışdır. Səfərin digər məqsədinin isə Qadın Resurs Mərkəzi ilə tanışlıq olduğunu bildirmişdir.
Cənab səfir birinci Qarabağ müharibəsindən sonra Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərin Böyük Qayıdış proqramına münasibətini soruşmuş, rayon İcra Hakimiyyəti başçısı tərəfindən ətraflı məlumat verilərək bildirilmişdir ki, hazırda Ağcabədi rayonunda 20 mindən artıq məcburi köçkün məskunlaşmışdır ki, onun da 9 mindən çoxu Laçın rayon sakinləridir. Aparılan sorğuların nəticələri göstərir ki, rayonda məskunlaşmış bütün məcburi köçkünlər öz yurdlarına qayıtmağı səbrsizliklə gözləyirlər.
Eyni zamanda, səfirin nəzərinə çatdırıldı ki, XX əsrin müxtəlif illərində Ermənistan SSR-dan deportasiya olunmuş 1000-dən çox ailə də rayon ərazisində məskunlaşmış və gələcəkdə öz yurdlarına qayıtmağı arzulayırlar. Bundan əlavə, rayonun 45 km-lik cəbhə ilə təmas xəttinin olduğunu bildirilmişdir. Səfirin nəzərinə çatdırılmışdır ki, 44 günlük vətən müharibəsi zamanı Ağcabədi şəhəri də daxil olmaqla 28 yaşayış məntəqəsi düşmən tərəfindən atəşə məruz qalmışdır. Nəticədə rayonun cəbhəyanı kəndlərindən və qonşu rayonlardan 20 mindən çox sakinin rayon ərazisində müvəqqəti məskunlaşmışdır. Müharibə zamanı rayon sakinlərinin bir yumruq ətrafında birləşdiyi və bir-birlərindən kömək əlini əsirgəmədiyi bildirilmişdir. Ölkədə hər bir azərbaycanlının dövlətin Qarabağ siyasətini, ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini dəstəklədiyi Fergus Auldun diqqətinə çatdırılmışdır.
Rayonda pambıqçılıq sahəsində klasterlərin yaradılması istiqamətində dövlətin müvafiq orqanları ilə birgə iş aparıldığı vurğulanmışdır.
Səfir də öz növbəsində Böyük Britaniya höküməti üçün qadınların iqtisadi həyatda bərabər hüquqlarının təşviqi və rolunun artırılmasının prioritet olduğu vurğulamış, həmçinin dost ölkələrdə Qadın İcma Resurs mərkəzlərinin yaradılmasının da bu ölkələrdə qadınların rolunun artırılmasına hədəfləndiyini bildirmişdir.
Səfir Fergus Auld saat 14:00-da rayonun Salmanbəyli kəndinə gedərək Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində 25 nəfər gənc müəllimin iştirakı “Gənclərin Gender Bərabərliyi Mərkəzi Gender Hub” İctimai birliyinin gender bərabərliyi, erkən nikah və qohum evliliklərinin qarşısının alınması istiqamətində keçirdiyi görüşdə iştirak etmişdir.
Daha sonra, saat 15:00-da Salmanbəyli kənd sakini Asimə Mürşüdovanın fərdi yaşayış evini ziyarət etmiş, Ağcabədi Qadın Resurs Mərkəzinin Biznesin İnkişafı üzrə təlimlərində iştirak etmiş Asima Mürşüdovaya şirniyyat avadanlığı, Nərminə İsmayılovaya (Salmanbəyli kənd sakini) dərzi avadanlığı, Zenfira Quliyevaya (Qaraxanlı kənd sakini) dərzi avadanlığı və Rəvanə Qasımovaya (Arazbar kənd sakini) gözəllik salonu avadanlıqları təqdim olunmuşdur.
Səfir çay süfrəsi arxasında hədiyyələr təqdim edilən qadınlarla onların Qadın Resurs Mərkəzindən necə faydalandıqlarını soruşaraq, onların gələcək planları, bizneslərinin gələcək inkişafı barədə söhbətləşdi.
Görüşdən sonra, saat 16:00-da səfir Fergus Auld Böyük Britaniyanın Münaqişə, Sabitlik və Təhlükəsizlik fondunun (CSSF) dəstəyilə həyata keçirilən “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində yaradılmış Ağcabədi Qadın Resurs Mərkəzində (ünvan: Ağcabədi şəhəri Heydər Əliyev prospekti 363, Ağcabədi Rayon Statistika İdarəsinin 1-ci mərtəbəsi) icma üzvü olan aztəminatlı qadınlarla görüş keçirdi və bir neçə fəal üzvə sertifikat təqdim edildi və sonda iştirakçılarla xatirə fotosu çəkildi.