Şriftin ölçüsü :

Saytın rəngi :

Biz Qələbəmizi Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq.

27 iyun 2022 | 10:03

Iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Abışov Əmrah Səyyab oğlunun ailəsini ziyarət edib, şəhid ailəsinin vəziyyəti ilə maraqlanıblar, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər.

      Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edərək qeyd edib ki,  Prezident İlham Əliyev şəhid ailələrinə və qazilərə davamlı diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib. Bu gün Dövlət siyasətinin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

     GTM Qarabağ ofisinin rəhbəri Radə  Telmanqızı Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq, şəhidlərimizin əmanətlərini qorumaq təkçə dövlətin deyil, bütün cəmiyyətimizin borcudur.

      Görüş zamanı şəhidin atasının müraciətinə uyğun olaraq GTM Qarabağ ofisi və  Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən şəhidin atasına əlil arabası və Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə bayram sovqatı təqdim edilmişdir.

Şəhidin ailə üzvləri Şəhidlə bağlı xatirələrini bölüşərək, göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər.

Keçidlər