ASAN könüllüləri Ağcabədi Rayon İcra Hakimiyyətində
Gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə edilməsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızda könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllülük qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, son illərdə ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin yaxından iştirak etməsi, müvafiq qanunvericilik bazasının yaradılması, ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.
“Gənclər bizim gələcəyimizdir!” Ulu öndər Heydər Əliyevin gənclər haqqında dediyi məşhur
kəlam bu gün demək olar ki, hər bir azərbaycanlı gəncin həyatında epiqrafa çevrilmiş bir şüardır.
Bunun uğurlu davamı olaraq bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cəmiyyətin müxtəlif aparıcı sahələrində gənclərimiz işlərində layiqincə müvəffəqiyyət qazanırlar.
Ağcabədi Regional “Asan Xidmət” mərkəzinin könüllüləri də bu müvəffəqiyyətli gənclər
sırasındadır. Bu könüllülər il ərzində ardıcıl olaraq Azərbaycanda gəncliyin inkişafına təkan
vermək məqsədilə müxtəlif layihələr, silsilə tədbirlər həyata keçirirlər.
Könüllülər tərəfindən növbəti belə bir təşəbbüs iyunun 20-də Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binasında həyata keçirilib. “İnkişaf həftəsi” çərçivəsində baş tutan görüş “Dövlət Qulluqçularının peşə bayramı” münasibətilə təşkil olunub.
İlk öncə könüllülər Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma
(MOB) Mərkəzində olublar. Dövlət qulluqçusu olmaq arzusunda olan gənclər Ağcabədi Rayon
İcra Hakimiyyətinin şöbələrində fəaliyyət göstərən dövlət qulluqçularının iş şəraiti ilə yaxından tanış olublar. İcra strukturunun əməkdaşları könüllülər ilə səmimi söhbət edib, görülən işlər barədə ətraflı məlumat veriblər.
Daha sonra könüllülər “Aran” qəzetinin redaksiyasında olublar, həmçinin qəzetin nəzdində
fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının studiyasında televiziyanın iş prosesi ilə yaxından tanış olublar. Eyni zamanda gənclər qəzetin “aranqazeti.az” saytı haqqında da məlumatlandırılıblar.
Sonda ziyarətçi könüllülərlə xatirə fotosu çəkilib.