“Aran” qəzetinin 90 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
İyulun 21-də Yaqub Məmmədov adına Ağcabədi şəhər Mədəniyyət Mərkəzində “Aran” qəzetinin 90 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Millət vəkili Tahir Rzayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, “Aran” qəzetinin kollektivi, regionda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin veteranları, qazilər, mədəniyyət və təhsil işçiləri iştirak ediblər.
Tədbirdən öncə “Aran” qəzetinin kollektiv üzvləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
Sonra yubiley tədbiri adıçəkilən Mədəniyyət Mərkəzində davam etdirilib. Öncə foyedə təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə qəzetin 1969-cu ildən bugünədək çap olunan sayları, mətbuatımıza həsr olunmuş kitablar, həmçinin Ağcabədi yazarlarının kitabları nümayiş etdirilib. “Şəhidlər ölməz, Vətən bölünməz” bölməsində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan 42 ağcabədili igidimiz haqqında silsilə yazıların dərc olunduğu nüsxələr və onlara həsr olunmuş kitab nümayiş etdirilib.
Sərgi ilə tanışlıqdan sonra yubiley tədbiri başlayıb. Öncə Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Aran” qəzetinin fəaliyyətinə həsr olunmuş videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva yığıncaqda qəzetin 90 il ərzində keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib, son illər görülmüş işlərdən söhbət açıb. Tədbirin aparıcısı Pərvin Abışova Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun təbrik məktubunu yığıncaq iştirakçılarına oxuyub.
Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Vətən müharibəsi şəhidi Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva, rayon qəzetinin ilk redaktorlarından olan Fərhad Ağayevin oğlu Mahir Ağayev, GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxış edərək, “Aran” qəzeti haqqında öz fikirlərini bölüşüb, qəzetin kollektivini yubiley münasibəti ilə təbrik ediblər. Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Rəşad Məcid sözügedən qurumun diplomunu, GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova isə xüsusi hədiyyəni qəzetin redaktoru Məhsəti Ağayevaya tədqim edib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yığıncaqda çıxış edərək “Aran” qəzetinin 90 illik şanlı tarixindən geniş söz açıb, kollektivin son 2 ildə əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Rayon rəhbəri “Aran” kollektivini yubiley münasibəti ilə təbrik edib, bir qrup əməkdaşa Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanını təqdim edib.
Tədbirin bədii hissəsində Məhsəti Musanın müəllifi olduğu “Mən Şuşadan gəlirəm” adlı videoreportaj nümayiş etdirilib. Sonra tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qarabağ Muğam Mərkəzi, Ağcabədi Uşaq Musiqi Məktəbi və şəhər Uşaq İncəsənət Məktəbinin təqdim etdiyi konsert proqramı ilə davam edib.