“Aran” qəzetinin 90 illiyi münasibətilə Ağcabədi RİH başçısının təbriki
Hörmətli “Aran”ın kollektivi!
Sizi – region mətbuatının qocaman və nümunəvi mətbuat orqanlarından olan “Aran” qəzetinin kollektivini qəzetin 90 illik yubileyi münasibətilə təbrik edirəm.
1932-ci ildən nəşr olunan və həmin dövrdən bu günə qədər bir çox çətinliklərə tab gətirərək, müxtəlif dövrlərdə kollektivin fədakarlığı hesabına fəaliyyətini davam etdirməyi bacaran “Aran” qəzeti nəinki rayonumuzun, ümumilikdə Qarabağ bölgəsinin ictimai-siyasi və mədəni həyatında mühüm önəmə malikdir. Qəzetdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, Bəyanatları, səfərləri ilə bağlı məlumatlar, bununla bağlı vətəndaşların fikirləri yer alır. Həmçinin, rayonun ictimai-siyasi həyatının bütün sahələri, kənd təsərrüfatı, təhsil, mədəniyyət xəbərləri ilə yanaşı, Ağcabədinin tanınmış şəxsləri, tarixi haqqında araşdırma yazılar, şəhidlərimiz, qazilərimiz haqqında məqalələr mütəmadi olaraq qəzetdə işıqlandırılır ki, bu da oxucular tərəfindən yüksək rəğbətlə qarşılanır.
90 yaşlı “Aran” qəzetinin özünün onlayn media orqanı olan “www.aranqazeti.az” veb-saytı ilə gündəlik məlumatları daha da operativ şəkildə izləyicilərə çatdırması və qəzetin nəzdində “YouTube” platforması üzərindən “Aran Ağcabədi TV” adlı internet televiziyasının fəaliyyətə başlaması ilə qəzet müasir çağırışlara uyğunlaşmış, öz auditoriyasını daha da genişləndirməklə region mətbuatı arasında nümunə yaratmışdır.
Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həllində, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələrin yerinə yetirilməsində daha böyük əzmlə çalışmalıdır. Əminəm ki, “Aran” qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək, bundan sonra da ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, özünün mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir.
Bir daha qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram. 90 yaşın mübarək, “Aran”!
Rafil Hüseynov
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı