Antiterror əməliyyatında yaralanmış ağcabədili hərbi qulluqçular ziyarət edilib
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədi ilə öncədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır.
Bundan sonra bəyan edilmişdir ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş
ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdır. Antiterror tədbirləri zamanı yaralanan və şəhid olanlar arasında ağcabədili hərbi qulluqçular da olmuşdur.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, eləcə də hüquq mühafizə orqanlarının rəhbərləri yaralanmış və müalicəsi Yevlax, Ağdaş, Göyçay şəhərlərində davam etdirilən həmyerlilərimizi ziyarət etmişlər. Ziyarət zamanı rayon rəhbəri yaralıların səhhəti və qayğıları ilə maraqlanmış, onların tezliklə şəfa tapmalarını arzulamışdır.
Yaralılar xəstəxanalarda onlara hər cür qayğı göstərildiyini vurğulamış, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, müalicəsi xəstəxanalarda davam etdirilən hərbçilərimizin ailələri də RİHB Aparatının, həmçinin hüquq-mühafizə orqanlarının məsul əməkdaşları tərəfindən ziyarət
edilmiş, onlara müəyyən sovqatlar aparılmışdır.
Ziyarətlər davam etdiriləcəkdir.