Şriftin ölçüsü :

Saytın rəngi :

“Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair” maarifləndirici tədbir keçirilib.

08 oktyabr 2023 | 09:44

Oktyabrın 6-da Ağcabədi Rayon Polis Şöbəsinin təşəbbüsü ilə Ağcabədi Rayon Pedoqoji Kollecinin iclas zalında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2021-ci il 30 oktyabr tarixli göstərişinə əsasən “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair” adlı maarifləndirici tədbir keçirilib.

Toplantıda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, Ağcabədi Rayon Polis Şöbəsinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsinin və Gənclər Üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşları, eləcə də yerli mətbuat nümayəndələri və kollecin tələbələri iştirak ediblər. 

Yığıncağı giriş sözü ilə açan rayon polis şöbəsinin 1-ci müavini, polkovnik-leytenant Elmir Dəmirçiyev çıxışında bu sahədə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütün vətəndaşların narkomanlığa qarşı ciddi  mübarizə tədbirləri aparmalı olduğunu bildirib. Sonra narkotik vasitələrin ziyanlarından danışan rəis müavini müasir dövrdə bu bəlanın sürətlə yayıldığını vurğulayıb. O, bununla yanaşı narkotacirlərin ölkəmizdə narkotik maddələri quru sərhədlə, hava və dəniz nəqliyyatı vasitəsilə keçirmə cəhdlərinin qarşısının bu sahəyə məsul olan hüquq-mühafizə orqanları tərəfindən  qətiyyətlə alındığını bildirib.

Sonra rayon icra hakimiyyətinin birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Xətai Zeynalov çıxış edərək, respublikanın bütün bölgələrində olduğu kimi rayonumuzda da narkotikaya qurşanan şəxslərə qarşı sözügedən komissiya və hüquq-mühafizə orqanları tərəfindən ciddi mübarizə tədbirlərinin aparıldığını söyləyib. X.Zeynalov həmçinin belə şəxslərin müalicə olunması üçün dövlətimiz tərəfindən reabilitasiya mərkəzlərinin, müasir tələblərə cavab verən narkoloji dispanser yerlərinin yaradılması haqqında danışıb.

Daha sonra 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsinin əməkdaşı Cavid Məlikzadə və Gənclər Üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxış edərək, cəmiyyətin əsas qüvvəsi olan gənclərin bu cür zərərli vərdişlərdən qorunması və onların maariflənməsi haqqında dəyərli tövsiyələrini veriblər.

Keçidlər