Şriftin ölçüsü :

Saytın rəngi :

“Antinarkotik, Dini ekstremizm və Radikalizm, İnsan alveri, eləcə də Erkən nikah və onun fəsadları” mövzusunda görüş təşkil olunub.

30 noyabr 2023 | 20:10

Noyabrın 29-da  I Qarabağ müharibəsi şəhidi Hamlet Məmmədov adını daşıyan  Qaradolaq kənd 1 saylı tam orta məktəbin  akt zalında Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən “Antinarkotik, Dini ekstremizm və Radikalizm, İnsan alveri, eləcə də Erkən nikah və onun fəsadları” mövzusunda  görüş təşkil olunub.

Tədbirdə Rayon icra hakimiyyətinin  əməkdaşları, Ağcabədi Rayon Polis Şöbəsinin,  9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə təhsil sektorunun,  qeyri-hökümət təşkilatından Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon bölməsinin işçiləri, Yeni Qaradolaq, Qaradolaq, Aran, Mehrablı kənd tam və ümumi orta məktəblərinin müəllim və şagirdləri,  mətbuat nümayəndələri iştirak ediblər.

Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Vüsal Mirzəzadə çıxışında narkotik vasitələrin ziyanları  barədə kütləvi informasiya vasitələrində müntəzəm olaraq  maarifləndirmə işlərinin aparıldığını söyləyib. Rəis müavini bundan əlavə  narkotik maddələrdən  uzun müddət istifadənin insan  bədəninə və ruhuna sağalmaz yaralar vurduğunu bildirib. Həmçinin çıxışda ağ ölümün qarşısının alınması ilə bağlı rayon polis şöbəsinin əməkdaşlarının  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində cari ildə  124 faktın aşkar olunduğunu, nəticədə 39,116 kq narkotik vasitənin  dövriyyədən çıxaralaraq  zərərsizləşdirildiyi də  diqqətə çatdırılıb.

Növbəti çıxışçılardan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölməsinin işçisi Cavid Məlikzadə, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı, Ağcabədi Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru, polis  mayoru Taleh Abbasov, Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxsi  Turqut Quluzadə və Qaradolaq kənd 2 saylı ümumi orta məktəbin psixoloq-müəllimi Səkinə Soltanova məruzə edərək, Dini ekstremizm və Radikalizm, Narkotik vasitələrin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə yolları,  İnsan alveri, eləcə də Erkən nikahın zərərlərindən geniş bəhs ediblər.

Çıxışlardan sonra Rayon polis şöbəsinin rəsmisi Taleh Abbasov  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Polis Akademiyasında təhsil almaq arzusunda olan  şagirdlərə  məlumat verib, akademiyaya qəbul  şərtlərinin  daha aydın öyrənmək  məqsədilə  məktəblilərə braşüra və məlumat vərəqələri paylanılıb.   

  Maraqlı  müzakirə formatında keçirilən  görüş  videoçarxların nümayişi ilə yekunlaşıb. 

Keçidlər