Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

24 aprel 2024 | 18:08
Aprelin 23-də Ağcabədi rayonunda Respublika Ağsaqqallar Şurası Ağcabədi rayon təşkilatının hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov, Ağcabədi rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri, ilk təşkilat sədrləri, şəhid ailələri, rayon ağsaqqalları və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Hesabat yığıncağında ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş Vətən qəhrəmanlarının, eləcə də dünyasını dəyişmiş rayon ağsaqqallarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hesabat yığıncağının keçirilməsində hər kəsə uğurlar arzulayıb.
Məruzə ilə çıxış edən Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik hazırkı Prezidentlik fəaliyyətində ağsaqqalların həmişə dövlətin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, rayon ağsaqqallarının əhatə dairəsi elədir ki, onlar hazırda rayonun bütün idarə və təşkilatlarında keçirilən tədbirlərdə qismən də olsa təmsil olunurlar. Bundan sonra da Ağcabədi rayon Ağsaqqallar Şurasının idarə heyəti və onun hər bir üzvü gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz təcrübələrini, bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Məruzə ətrafında çıxış edən, Ağcabədi rayon Ağsaqqallar Şurasının İdarə heyətinin üzvləri - Yeni Azərbaycan Partiyası veteranı Əli Əliyev, Əməkdar müəllim Zəhra İbrahimova, Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev və başqaları ağsaqqallara daim göstərilən diqqət və qayğıya, hörmət və ehtirama görə ölkə başçısına, eləcə də rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra hesabat dövründə dünyasını dəyişmiş üzvlərin yerinə - Ağcabədi rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlərin seçilməsi üçün səsvermə prosesi keçirilib. Bir qrup ziyalı Ağsaqqallar Şurasının İdarə heyətinə yeni üzv seçiliblər.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov çıxış edib. O, Ağcabədi ziyalıları, Ağcabədi ağsaqqalları ilə görüşündən olduqca məmnun olduğunu ifadə edərək yığıncaq iştirakçılarına və onların simasında bütün ağsaqqallara möhkəm can sağlığı, işlərində uğurlar arzulayıb.
Keçidlər