"Ağdam və Ağcabədidə şəhid ailələri ilə iş" layihəsi üzrə Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində sentyabrın 8-də Azərbaycan Şəhid Ailələrinə Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyəti "Ağdam və Ağcabədidə şəhid ailələri ilə iş" layihəsi üzrə Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirib.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyətinin məsul şəxsləri, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, onların övladları və Azərbaycan Ordusunun əsgər və zabit heyəti iştirak ediblər.
Tədbirin moderatoru, tanınmış aktyor-qiraətçi Şirzad Pirallahı tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Milli qəhrəman Asif Məhərrəmovun qardaşı, “Fred Asif” Fondunun sədri Ədalət Məhərrəmov çıxışlarında qeyd ediblər ki, Ağcabədidə keçirilən bu görüşün, xüsusən film təqdimatının əsas məqsədi şəhid ailələrinin cəmiyyətə inteqrasiyasını təmin etmək və onların ictimai fəallığını artırmaqdır. Ərsəyə gələn filmin əsas qayəsi elə budur. Şəhid ailələrinə mənəvi dəstək olmaq, onları tək qoymamaq, bu qəbildən olan insanlara cəmiyyətin bir hissəsi olduqlarını onlara daim hiss etdirməkdir. Şəhid ailələrinə hörmət və qayğı ilə yanaşmaq hər kəsin vətəndaşlıq və vicdan borcudur.
Bundan sonra sözügedən film nümayiş olunub. Mədəniyyət işçilərinin təqdim etdikləri musiqi proqramı tədbirə ayrıca rəng qatıb. Şəhid ailələri film üçün, ümumilikdə belə tədbirlərin həyata keçirildiyi üçün təşkilatçı cəmiyyətə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Bundan sonra bir qrup şəxsə və şəhid anasına Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin döş nişanları və xeyriyyə cəmiyyətinin üzvlük vəsiqələri təqdim olunub.
Sonda şəhid övladları və məktəblilər şeirlər səsləndiriblər.






