Ağcabədidə "Zəfər salnaməsi: Tarixin qürur səhifəsi” adlı tədbir keçirilmişdir.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə 8 noyabr- Zəfər gününə həsr olunmuş „Zəfər salnaməsi: Tarixin qürur səhifəsi” adlı tədbir keçirilmişdir.
Tədbirdən öncə GTM Qarabağ ofisinin əməkdaş və könüllüləri vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Emin Fərzəlizadə və Fəryad Xəlilovun ailələrinə baş çəkiblər, Zəfər Günü münasibəti ilə şəhidlərimizin ailə üzvlərini təbrik ediblər.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəis müavini mayor Faiq Vahabov,Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı, müharibə veteranları, qazilər, Bayraq Muzeyinin əməkdaşları, ADPU Ağcabədi filialının tələbələri,GTM Qarabağ ofisinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, „Zəfər salnaməsi: Tarixin qürur səhifəsi” adlı adlı film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü bütün respublikada təntənəli şəkildə qeyd edilir.Diqqətə çatdırılıb ki, artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüzminlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu...
Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəis müavini mayor Faiq Vahabov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, Qarabağ müharibəsi veteranı Mehman Novruzov, Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı, N saylı hərbi hissənin zabiti Elşən Quliyev, Qarabağ müharibəsi qazisi Ramil Nağıyev, Kamran Sadıqov və Fariz Mamedov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili-xarici siyasəti, dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikasının erməni faşizmini iflasa uğratdığını vurğulayıblar. Eyni zamanda Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən ən mühüm amil olduğunu xüsusi ilə diqqətə çatdırıblar.
Tədbirin sonunda şəhid ailələrinə və qazilərinə bayram münasibətilə GTM Qarabağ ofisi və „Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən hədiyyələr və bayram sovqatı təqdim edilib.