Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə yeni tibb məntəqəsinin açılışı olub

01 may 2023 | 18:47
Qiyaməddinli kəndində həkim məntəqəsi üçün tikilən yeni binanın istifadəyə verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib.
Mayın 1-də təşkil olunan mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, Mərkəzi Xəstəxananın nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Həsən Hüseynov ümummilli lider Heydər Əliyevin səhiyyə sisteminin inkişafında böyük rolu olduğunu bildirib. Qeyd olunub ki, həkim məntəqəsi kənddə yaşayan 3 şəhidin yaxınlarının - Birinci Qarabağ Müharibəsi şəhidləri Şaban Qurbanov, Kərəm İbrahimov və Vətən müharibəsi şəhidi Məhəbbət Quliyevin ailə üzvlərinin təşəbbüsü ilə ərsəyə gəlib. O, həmçinin bu işdə göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə, şəhid ailələrinə və kənd sakinlərinə öz minnətdarlığını bildirib.
Sonra çıxış edən şəhid qardaşı İsrafil İbrahimov və digərləri diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.
Yekunda çıxış edən icra başçısı Rafil Hüseynov əhaliyə göstərilən tibbi xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən böyük işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olub ki, 2023-cü il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır və belə bir xoşniyyətli hadisənin də bu dövrdə olması xüsusi bir hadisədir. Rayon rəhbəri kənd sakinlərini yeni tibb məntəqəsinin açılışı münasibətilə təbrik edib.
Məntəqənin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yaradılan şəraitlə tanış olublar.
Keçidlər