Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə yeni məktəb binası istifadəyə verilib

15 sentyabr 2023 | 16:04

Sentyabrın 15-də keçirilən açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı,  Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Qarabağ Regional Təhsil İdarəsinin, Ağcabədi RİHB Aparatının məsul əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov müəllim və şagirdləri yeni tədris ilinin başlanması və məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. E. Aslanov Fondun həyata keçirdiyi layihələrdən söz açıb, respublikanın bir çox bölgələrində yeni məktəb binalarının tikilib, əsaslı təmir olunduğunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışlarında dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən ətraflı danışıblar.

Qeyd olunub ki, 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.

Həmçinin, 1988-ci ildə inşa olunmuş Poladlı kənd tam orta məktəbinin binası yararsız vəziyyətdə olduğundan yeni təhsil ocağının inşasına qərar verilmişdi.

Yeni məktəb binası 300 şagird yerlik, ikimərtəbəli 3 korpusdan ibarətdir. Təhsil müəssiəsində 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq, əmək təlimi otaqları, kitabxana, yeməkxana, 150 yerlik akt, idman zalları, açıq idman meydançası və köməkçi tikililər var.

Bütün sinif  otaqları lazımi avadanlıqlarla və əyani vəsaitlərlə tam təmin edilib.Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Heydər Əliyev Fondunun Poladlı kənd məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının artırılmasına hesablanıb.

Mərasimdə söz alan məktəbin müəllimləri və valideynlər göstərilən qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində təhsil müəssisəsində 344 şagirdin təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 34 nəfər pedaqoji işçi fəaliyyət göstərir.

Keçidlər