Ağcabədidə yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması məqsədilə ağacəkmə aksiyası keçirilib.
Oktyabrın 18-də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması məqsədilə geniş ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon icra hakimiyyəti, Regional Meşə Təsərrüfatı Mərkəzi, Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Kommunal Xidmət Mənzil İstismar İdarəsinin əməkdaşları, gənclər və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində Mingəçevir-Bəhrəmtəpə yolunun 115 km-liyində, 160 növ müxtəlif dekorativ və meyvə ağacları əkilib.
Əkilən ağacların suvarılması və torpağa uyğunlaşdırılması üçün zəruri aqrotexniki qaydalara əməl olunub. Tədbir iştirakçıları ətraf mühitin mühafizəsi, təbiətin qorunması və ekoloji tarazlığın təmin olunması istiqamətində vətəndaş məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda iştirakçılar ətraf ərazidə abadlıq və təmizlik işləri apararaq, “Təmiz mühit – sağlam gələcək!” şüarı ilə yaşıllığın qorunmasına çağırış ediblər.






