Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Yaşıl gələcək” adlı ekoloji layihə icra olunub

21 avqust 2024 | 16:26

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Yaşıl gələcək” adlı ekoloji layihə icra olunub. Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı reallaşdır 2023” müsabiqəsinin qalibi Pərviz Səmədovun “Yaşıl gələcək” layihəsində Ağcabədi, Bərdə, Ağdam, Zərdab və Beyləqan rayonlarında yaşayan 20 gənc iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin açılışı zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Doqquz gün davam edən layihənin “İnkişaf proqramı” çərçivəsində iştirakçılar üçün 5 günlük təlim-tədris mərhələsi keçirilib. Bu mərhələ zamanı “Ətraf mühitin qorunması” mövzusunda görüş və Ağcabədi rayonu ərazisindən keçən Qarqar çayının sahilyanı ərazisində təmizlik aksiyası təşkil olunub. “Sahibsiz dostlarımızı qoruyaq” mövzusunda görüş olub və Ağcabədi regional “ASAN xidmət” mərkəzi ilə birgə sahibsiz küçə heyvanları üçün yuvalar yerləşdirilib, yemləmə aksiyası keçirilib. Layihə çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksinin fitnes-məşqçisi və fizioterapevti iştirakçılara “Sağlam həyat tərzi və sağlam qidalanma” mövzusunda maarifləndirici məlumat verilib. 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri ilə “Daha sağlam gələcək” mövzusunda görüş təşkil edilib. Gəncləri maraqlandıran ekologiya mövzusunda suallar cavablandırılıb. “Tullantılardan ev şəraitində səmərəli istifadə” devizi altında görüş keçirilib və iştirakçılar tullantılardan dekorativ əşyalar hazırlayıblar.

Layihə iştirakçılarının ekoloji standartlar barədə məlumat əldə etməsi, dünyagörüşün artırılması məqsədilə “Atena” MMC-yə ekskursiya təşkil olunub.

Növbəti mərhələdə layihədə iştirak edən gənclər Qarabağ Atçılıq Kompleksinə ekskursiya ediblər.

Həmçinin ekoloji problemlərin həllinə yönəlmiş “EcoTech” adlı hakaton keçirilib, 25 nəfər gəncin iştirakı ilə bərpaolunan enerji, tullantılardan səmərəli istifadə, su ehtiyatlarının qorunması, havanın təmizliyi, təbii fəlakətlər mövzularında müzakirələr aparılıb. Hakaton Ağcabədi regional “ASAN xidmət” mərkəzinin, 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Ağcabədi Peşə Məktəbinin rəhbərliyinin münsifliyi ilə baş tutub.

Layihənin bağlanış mərasimində iştirakçı gənclər və səmərəli fəaliyyətə görə nümayəndələr təltif ediliblər.

Keçidlər