Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə yaşayış binalarının həyətləri abadlaşır

19 mart 2025 | 15:40
Martın 18-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra başçısının müavinləri, hüquq mühafizə orqanlarının, eləcə də aidiyyati üzrə idarə, müəssisə rəhbərləri 2024-2025-ci illər ərzində “Abad həyət” işləri çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə adablıq işləri aparılan ərazilərdə olublar.
Heydər Əliyev prospekti 128-də yerləşən beşmərtəbəli yaşayış binasının həyətyanı sahəsində qanunsuz tikililər sökülərək binanın ərazisi genişləndirilib. Həmçinin həyətdə sakinlərin asudə vaxtlarının səmərəli keçməsi üçün söhbətgahların tikilməsi nəzərdə tutulub, skamiyalar quraşdırılıb. Bundan əlavə həyətdə səkilər çəkilib, yeni işıq dirəkləri basdırılıb, müəyyən edilmiş yerlərdə gül-çiçəklərin əkilməsi üçün yerlər nəzərdə tutulub. Binanın həyətində uşaqlar üçün mini-futbol meydançasının da tamamlama işləri başa çatmaq üzrədir. Bina sakinləri onlar üçün yaradılan bu şəraitə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Aidiyyati təşkilatlar tərəfindən bildirilib ki, yaxın günlərdə binanın həyətində asfaltlama işləri də həyata keçiriləcək.
Görülən digər işlərlə də tanış olmaq məqsədilə icra başçısı Heydər Əliyev prospektində yerləşən iki mərtəbəli yaşayış binalarında da olub. Burada da görülən işlər xoş təsir bağışlayıb. Belə ki, bu binaların da həyətlərində işıqlandırma sistemi yenilənib, uşaqlar üçün yelləncəklər quraşdırılıb, sakinlər üçün söhbətgahlar tikilib. Rayon rəhbəri yaxın vaxtlarda burada uşaqlar üçün futbol meydançasının tikiləcəyinin planda olduğunu deyib. Bina sakinləri Rafil Hüseynova görülən işlərə görə öz təşəkkürlərini bildiriblər.
Nəsimi küçəsində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının sakinləri İlaxır şərşənbə münasibətilə Rafil Hüseynovu təbrik edərək ona bundan sonrakı iş fəaliyyətində uğurlar arzulayıblar. Burada da 2024-2025-ci illərin abadlıq işlərinə aid edilən xeyli işlər görülüb. Belə ki, bu binaların da həyətində lazımsız və qanunsuz tikililər sökülərək binaların həyətyanı sahəsi xeyli genişləndirilib. Yeni işıq dirəkləri basdırılıb, həyətlərin böyük bir hissəsinə metlax və bardular döşənib, uşaqlar üçün yelləncəklər quraşdırılıb.
“Qurtuluş” parkında icra başçısı bir qrup rayon ziyalıları və ağsaqqallarla görüşüb, onları müqəddəs Novruz bayramı münasibətilə təbrik edib. Ziyalılar da rayon rəhbərini təbrik edərək, görülən işlərlə bağlı ona öz minnətdarlıqlarını bildiriblər. Rafil Hüseynov yeni təmir edilən “15 İyun – Milli Qurtuluş Günü” barelyefinə baxış keçirib. Bundan sonra rayon rəhbəri Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin həyətində görüləcək işlərlə bağlı müəyyən tapşırıqlar verib. Muğam mərkəzinin həyətində yerləşən “Veteranlar Evi”ndə bir qrup ağsaqqalla görüşən Rafil Hüseynov onların fikir və təkliflərini dinləyib, onlarla həmsöhbət olub. Səsləndirilən məsələlər həssaslıqla dinlənilib, həlli istiqamətində lazımi tapşırıqlar verilib.
Daha sonra Rafil Hüseynov Mədəniyyət və İstirahət parkından Ağcabədi “ASAN XİDMƏT” mərkəzinə qədər yeni salınmış, müasir işıqlanma sistemi ilə təmin edilmiş, panduslar quraşdırılmış, təxminən 1300 metr uzunluğunda olan səkiyə baxış keçirib. Səkidə ilk olaraq kiçik bir yürüş də keçirilib. Rayon rəhbəri Rafil Hüseynov görülən bütün işlərdən razı qaldığını ifadə edib.
Keçidlər