Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci.

29 dekabr 2022 | 14:52

Ağcabədidə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı
münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi
köçkün ailələrindən olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət
göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”, “Güvən Xeyriyyə” İctimai Birliyi,
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və Azərbaycan Dövlət
Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsinin birgə təşkilatçılığı ilə
keçirilən bayram şənliyində 100-dən çox uşaq iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. GTM Qarabağ ofisinin rəhbəri Radə
Telmanqızı çıxış edərək uşaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, bu ilki həmrəylik bayramı, sözün
həqiqi mənasında, Azərbaycan xalqının həmrəyliyinin simvoluna çevrilib. 2020-ci ildə
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı işğaldan azad
etməsi xalqımıza ən böyük qürur hissi yaşatdı.
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov,
31 dekabr tarixinin mahiyyətinə diqqət çəkərək, Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün xaricdə yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə
əlaqələrinin daha da möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin
təmin olunmasına xidmət etdiyini vurğulayıb. Ölkə Prezidentimiz İlham Əliyevin milli
maraqlar və milli dəyərlər üzərində qurulmuş müstəqil siyasəti nəticəsində Azərbaycanın
başa vurmaqda olduğumuz 2022-ci ildə daha da inkişaf etdiyini, ölkəmizin siyasi
gücünün və iqtisadi potensialının gündən-günə artdığını, dünyanın ayrı-ayrı ölkələrinə
səpələnmiş soydaşlarımıza qüdrətli dövlətimiz tərəfindən verilən dəstəyin davam
etdirildiyini bildirib. 
Tədbirdə “Güvən Xeyriyyə” İB-nin sədri Nigar Bayramlı, ADPU Ağcabədi filialının
direktoru Mobil Məcidov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Ağcabədi rayon bölməsinin rəis müavini Faiq Vahabov çıcış edərək uşaqları
təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının
dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Şənlik “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təhsil alan uşaqların, Ağcabədi
Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına şəhər
İncəsənət məktəbinin, Ağcabədi şəhər 1 və 5 saylı tam orta məktəblərin, 2 saylı körpələr
evi-uşaq bağçasının şagirdlərinin ifasında maraqlı rəqslər və musiqi nömrələri ilə davam
edib. Şənliyə Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram
tədbirini onlar üçün unudulmaz edib.
Şənliyin sonunda uşaqlara hədiyyələr paylanıb. 

Keçidlər