Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib.
Ağcabədidə Novruz bayramı münasibətilə xüsusi qayğıya ehtiyacı olan, eləcə də şəhid və keçmiş məcburi köçkün ailələrindən olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
Gənclər üçün Təhsil mərkəzi (GTM) Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi Rayon Təşkilatı, Ağcabədi rayonu üzrə təhsil sektoru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağcabədi rayon bölməsi, Ağcabədi rayon Polis şöbəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qarabağ regional nümayəndəliyinin və Regional İnkişaf İctimai Birliyinin (RİİB) Qarabağ regional bölməsinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən Novruz şənliyində 100-dən çox uşaq iştirak edib.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bayram münasibəti ilə şənlik iştirakçılarını təbrik edərək, bildirb ki, Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi də qiymətləndirilir. Artıq 4 ildir ki, ölkəmizdə Zəfər qoxulu Novruz bayramı qeyd edilir. Buna görə də bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik. Eyni zamana onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsində bütün xalqımız, xüsusilə əsgər anaları böyük iradə nümayiş etdirmişdir. Məhz o oğulların sayəsində Azərbaycan xalqı bu gün qalibdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti əməkdaşı Sevinc Niftəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev, Qarabağ regional nümayəndəliyinin rəhbəri Fuad Əliyev, Regional İnkişaf İctimai Birliyinin Qarabağ regional bolməsinin rəhbəri Elmin Xəlilov, şəhid Cəmaləddin Məmmədovun həyat yoldaşı Aynur Kərimova, Aran qəzetinin redaktoru Məhsəti Musa da şıxış edərək tədbir iştirakçılarını Azərbaycan xalqının qədimlərdən sevə-sevə qeyd etdiyi, milli və tarixi adət-ənənlərimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan Novruz bayramı münasibətilə təbrik edib, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıblar.
Bayram tədbiri “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təhsil alan uşaqların, Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-lisey, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəb, Məmməd Əsədov adına 5 saylı tam orta məktəbin şagirdlərinin, Ağcabədi şəhər 2, 4 və 5 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında maraqlı rəqslər və musiqi nömrələri ilə davam edib.
Novruz adət-ənənələrindən olan yumurta döyüşdürüb, haxıştalar, bayatılar səsləndirilib. Kosa və Keçəlin gəlişi uşaqların böyük sevincinə səbəb olub.