Ağcabədidə Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tariximizin ən ağır və faciəli səhifələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına silinməz izlərlə həkk olunmuşdur. Hər il fevralın 26-da respublikamızın bütün bölgələrində olduğu kimi, bu il də Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın əziz xatirəsi dərin hüzn və ehtiramla yad edilmişdir. Bu dəhşətli hadisə xalqımızın üzləşdiyi ağır itkilərin və ədalət uğrunda mübarizəsinin simvolu kimi tariximizdə xüsusi yer tutur.
Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da anım günü ilə bağlı tədbir təşkil olunmuşdur. Səhər saatlarından etibarən rayon sakinləri və ictimaiyyət nümayəndələri Ağcabədi Qəhrəmanlar Parkında Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmişlər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, hüquq-mühafizə orqanlarının, YAP Ağcabədi rayon təşkilatının, digər idarə, müəssisə və təşkilatların kollektivləri anım mərasimində iştirak etmişlər.
Tədbir çərçivəsində əvvəlcə şəhidlərin ruhuna dualar oxunmuş, daha sonra abidə kompleksi önünə gül dəstələri düzülmüşdür. Gün ərzində parkda ziyarətlər davam etmiş, tələbələr, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı zamanı həyatını itirənlərin xatirəsini ehtiramla anmışlar.
Qeyd edək ki, saat 17:00-da respublika ərazisində Xocalı soyqırımı zamanı həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.






