Ağcabədidə Xocalı Faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Fevralın 23-də Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların, qardaş Türkiyədə zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirdə məruzə ilə çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, erməni millətçilərinin xalqımıza qarşı yüz illər ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb. Natiq onu da vurğulayıb ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təklifi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra verilmişdir.
Tədbirdə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxış edərək, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırım və deportasiya siyasətindən danışıb. Bildirib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.
1 saylı ərazi partiya təşkilatının sədri Samirə Nəsirova, GTM Qarabağ Regional ofisinin könüllüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi, Xocalı sakini İlahə İsmayılzadə və 7 saylı ərazi partiya təşkilatının sədri Polad Musayev çıxış edərək, Xocalı qətliamının amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş soyqırım olduğunu bildirdilər.
5 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiyadan sonra, faciədən bəhs edən sənədli film nümayiş olunub.