Ağcabədidə xatirə bulaq kompleksinin açılışı olub
12 iyun 2022-ci il tarixdə rayonun Arazbar kəndində şəhid Elsevər Piriyevin xatirəsini əbədiləşdirmək üçün xatirə bulaq komleksinin açılışı olub. Bulaq komleksi kəndin mərkəzində, vaxtı ilə Elsevərin oxuduğu Arazbar kənd ümumi orta məktəbinin qarşısında inşa edilib.
Vətən müharibəsində şəhid olan Elsevər Piriyev qısa və mənalı, gənc nəslə örnək olan həyat yolu keçib. Bu vətənpərvər, qəlbi torpaq sevgisi ilə döyünən Elsevər qəhrəmanlıq dolu bir ömür yaşayıb. Müharibənin ilk günlərindən döyüşən, ordu sıralarına qatılan Elsevər 2020-ci il oktyabrın 15-də Hadrut uğrunda gedən qızğın döyüşdə şəhidlik zirvəsinə ucalıb. Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Xatirə bulaq kompleksinin açılış mərasimi şəhidin doğum gününə təsadüf edib. Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul işçisi İlkin Alıyev, rayon polis şöbəsinin əməkdaşı Tural Məlikov, kənd sakinləri, müəllimlər, şəhidin yaxınları, döyüş yoldaşları və media nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları çıxış edərək, şəhid Elsevər Piriyevin keçdiyi döyüş yolundan danışıb, onun haqqında xatirələrini bölüşüblər.