Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə uzunluğu 9 kilometr olan suvarma kanalı beton üzlüyə alınıb

12 oktyabr 2023 | 09:57

Ağcabədi rayonunda əkinlərin suvarılması üçün mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən 2261 kilometr suvarma kanalından istifadə olunur. Əkinlərin su təminatının yaxşılaşdırılması, su itkisinin qarşısının alınması üçün kanallarda vaxtaşırı təmir işləri aparılır, torpaq məcralı kanallar beton üzlüyə alınır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağcabədi suvarma sistemləri idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günlərdə mənbəyini Yuxarı Qarabağ kanalından götürən torpaq məcralı R-15 kanalının beton üzlüyə alınması işləri yekunlaşıb. Uzunluğu 9 kilometr olan həmin kanal vasitəsilə Təzəkənd, Hüsülü, Hacıbədəlli və Pərioğullar kəndləri ərazisindəki 1200 hektar əkin sahənin suvarılması daha da yaxşılaşacaq. Bununla yanaşı suvarmanın mütəşəkkil aparılması və su itkisinin qarşısının alınması məqsədilə rayon ərazisindəki kanallarda lildən təmizləmə işləri də həyata keçirilir.

Ağcabədi rayonunda əkinlərin suvarılmasında 1026 ədəd subartezian quyusundan da istifadə edilir. Bu il 29 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bundan başqa, istismar müddətini başa vurmuş və su sərfi azalmış 25 ədəd subartezian quyusunun təmir-bərpa işləri həyata keçirilir. Həmin quyulardan 12-si bərpa olunub. 13-cü isə bu ilin sonuna qədər bərpa olunaraq istifadəyə veriləcək.

Keçidlər