Ağcabədidə Uşaq Hüquqları Aylığı çərçivəsində “Uşaq hüquqları: Birgə müdafiə, ortaq məsuliyyət” mövzusunda panel müzakirə keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr – 20 noyabr tarixləri Uşaq Hüquqları Aylığı elan edilib. Aylığın əsas məqsədi uşaq hüquqlarının müdafiəsi, bu sahədə ictimai məlumatlılığın artırılması və uşaqların hüquqlarının təmin olunmasına diqqətin gücləndirilməsidir.
Aylıq çərçivəsində bu təşəbbüsə dəstək məqsədilə Ağcabədi Regional “ASAN xidmət” Mərkəzi, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının birgə əməkdaşlığı ilə “Uşaq hüquqları: birgə müdafiə, ortaq məsuliyyət” mövzusunda panel müzakirə təşkil olunub.
Əvvəlcə iştirakçılar Uşaq Hüquqları Aylığı çərçivəsində Ağcabədi Rayon Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunmuş, uşaqların hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Uşaq Hüquqları Aylığı ilə bağlı müraciətini əks etdirən videoçarx nümayiş olunub.
İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin direktoru Radə Qafarovanın moderatorluğu ilə keçirilən panel müzakirədə Ağcabədi Regional “ASAN xidmət” Mərkəzinin Vətəndaşların Hüquqlarının Təminatı sektorunun müdiri Rafiz İbrahimov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu İlahə Qasımova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri Baxış Ələsgərov və Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının müdiri Elnur Həsənov çıxış edərək uşaq hüquqlarının hüquqi müdafiəsi, hüquq pozuntularının vaxtında müəyyən edilməsi və qarşısının alınması, yerli səviyyədə profilaktik tədbirlər, təhsil müəssisələrinin və gələcək mütəxəssislərin bu sahədə rolu, uşaqların zorakılıqdan müdafiəsi, sosial xidmətlərə çıxış və ailələrə dəstək məsələlərinə toxunublar.
Müzakirə zamanı panel iştirakçıları təmsil etdikləri sahələr üzrə təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıb, uşaq hüquqlarının müdafiəsində qurumlararası əməkdaşlığın, vaxtında məlumatlandırma və düzgün yönləndirmə mexanizmlərinin əhəmiyyətini vurğulayıblar. Auditoriyadan ünvanlanan suallar cavablandırılıb, mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində aparılan müzakirələrdə bir daha diqqətə çatdırılıb ki, uşaq hüquqlarının müdafiəsi yalnız ayrı-ayrı qurumların deyil, ailənin, cəmiyyətin və bütün aidiyyəti institutların ortaq məsuliyyətidir. Uşağın mənafeyinin, təhlükəsizliyinin və sağlam inkişafının qorunması üçün birgə və əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi vacibdir.






