Ağcabədidə “Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəblilərlə maarifləndirici görüş keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə Ağcabədi şəhər Camal İbrahimov adına 8 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib.
Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı İlahə Qasımova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimləri Radə Qafarova və Samir Sultanov iştirak ediblər.
Görüş zamanı məktəblilərə uşaq hüquqlarının mahiyyəti, uşaqların əsas hüquq və vəzifələri, hüquqların qorunması, təhlükəsiz mühitdə yaşamaq və inkişaf etmək imkanları, eləcə də hər bir uşağın öz hüquqlarını bilməsinin əhəmiyyəti barədə məlumat verilib.
İnteraktiv müzakirələr zamanı şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, müxtəlif həyat situasiyaları ətrafında fikir mübadiləsi aparılıb. Şagirdlərin müzakirələrdə fəal iştirakı və fikirlərini sərbəst ifadə etmələri görüşün diqqətçəkən məqamlarından olub.
Qeyd edək ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunan bu cür maarifləndirici görüşlər uşaqların hüquqi biliklərinin artırılmasına, öz hüquqlarını tanıyan və müdafiə etməyi bacaran, cəmiyyət həyatında fəal iştirak edən şəxsiyyətlər kimi formalaşmasına dəstək göstərilməsinə xidmət edir.






