Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Ağcabədi rayonunda Ağcabədi Regional ASAN Xidmət Mərkəzi, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Peşə Məktəbi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin birgə əməkdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev İrsi: Tarix, Kimlik və Dövlətçilik” adlı tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, dövlətçilik irsinə, milli yaddaş və kimlik məsələlərinə həsr olunmuş sərgi ilə tanış olublar.
Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin davamında Ağcabədi Regional ASAN Xidmət Mərkəzinin direktoru Rəhim Qarayev, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, müasir idarəetmə prinsipləri, tarixi yaddaş və milli kimlik məsələləri, regional inkişaf siyasəti, təhsil və maarifçiliyin cəmiyyətin formalaşmasındakı rolu, eləcə də vətəndaşlıq şüuru və dövlətə bağlılıq mövzularına toxunulub.
Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası bu gün də Azərbaycanın inkişaf strategiyasında mühüm yer tutur. Eyni zamanda milli dəyərlərin qorunmasının, gənclərin maarifləndirilməsinin, vətəndaş məsuliyyətinin gücləndirilməsinin və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə tarixi yaddaşın qorunması, milli kimliyin gələcək nəsillərə ötürülməsi və regionların sosial inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Sonda təşkilatçılara, çıxışçılara və iştirakçılara təşəkkür bildirilib, xatirə fotosu çəkdirilib.






