Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə tədqiqatçı-alim, professor Asif Rüstəmlinin 70 illik yubileyi qeyd olundu

20 may 2024 | 12:18

Ağcabədidə tədqiqatçı-alim, professor Asif Rüstəmlinin 70 illik yubileyi qeyd olundu
17 may 2024-cü il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüsəmlinin anadan olmasının 70 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə foyedə təşkil edilmiş kitab sərgisinə baxış keçirilib. Sərgidə Asif Rüstəmlinin əsərləri, tərcümə etdiyi, o cümlədən rəy verdiyi, ön söz yazdığı, tərtibçi və redaktoru olduğu kitablar yer alıb.

Tədbirdə Aran Ağcabədi internet televiziyasının təqdimatında “Asif Rüstəmli -70” adlı videoçarx nümayiş etdirilidikdən sonra açılış nitqi ilə çıxış edən tədbirin moderatoru, “Aran” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhsəti Musa bildirib ki, Ağcabədi rayonunda bir çox tanınmış simalar yetişib, mədəniyyət, incəsənət, elm və digər sahələrdə böyük uğurlara imza atıblar. Bu gün 70 illik yubileyinə toplaşdığımız Asif Rüstəmli də məhz Ağcabədi torpağının yetişdirdiyi dəyərli alimlərimizdəndir.
Sonra filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Asif Rüstəmli görkəmli ədəbiyyatşünas alim kimi” mövzusunda məruzə ilə çıxış edib. O, alimin elmi yaradıcılığından söz açıb, bu haqda geniş məlumat verib. Bundan sonra Milli Məclisin deputatı, yazıçı, jurnalist Aqil Abbas, ədəbi tənqidçi, şair, tərcüməçi “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir, Qabaqcıl maarif xadimi, Ağcabədi rayon Ağsaqqallar Şurasının üzvü Ədalət Hüseynov, A. Mustafayev adına Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin direktoru Zülfiyyə Hacıyeva, Azərbaycan Jurnalistlər Birliynin üzvü Sevindik Nəsiboğlu çıxış ediblər.
Daha sonra söz Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verilib. İcra başçısı Asif Rüstəmlini təbrik edərək, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə qiymətli hədiyyəni yubilyara təqdim edib.
Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin, Milli Məclisin deputatı Tahir Rzayevin, filologiya elmləri doktoru Azərbaycanın sabiq Xarici İşlər Naziri Vilayət Quliyevin təbrik məktubları oxunub.
Yekunda çıxış edən yubilyar - filologiya elmləri doktoru, professor Asif Rüsəmli tədbirin təşkilatçılarına xüsusi minnətdarlığını bildirib, zaldan ünvanlanan sualları, fikir və təklifləri cavablandırıb.
Yubiley tədbirində Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi, bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.
Keçidlər