Ağcabədidə taxıl sahələrində biçin işləri davam etdirilir
21 iyun 2026 | 09:46
Ağcabədi rayonunda taxıl biçini kampaniyası uğurla davam edir.
İyunun 20-də "Ağcabəditaxıl" Aqroparka məxsus Hindarx qəsəbəsi ərazisində yerləşən əkin sahələrində taxıl biçini həyata keçirilib.
Biçin prosesini Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yerində izləyib, müəssisənin rəhbərliyi və mütəxəssislərlə görüşərək görülən işlər, məhsuldarlıq göstəriciləri və kampaniyanın gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, Aqroparkda ötən il hər hektardan orta hesabla arpa üzrə 50 sentner, buğda üzrə isə 40 sentner məhsul əldə olunub. Müəssisə rəhbərliyi cari mövsümdə də yüksək məhsuldarlıq gözlədiklərini bildirib. Hazırda yerli "Qarabağ-22" buğda sortu əkilmiş sahələrdə ən müasir texnologiyalarla təchiz olunmuş 2 kombayn vasitəsilə biçin işləri aparılır.
Qeyd edək ki, 2025-ci ildə Ağcabədi rayonu üzrə ümumilikdə 154 min 314 ton taxıl tədarük olunub. Bunun 100 min 102 tonunu buğda, 54 min 122 tonunu isə arpa təşkil edib.
Biçin prosesi zamanı "Ağcabəditaxıl" Aqroparkın direktoru Ceyhun Mehdiyev və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov rayonda taxılçılığın inkişafı, Aqroparkın fəaliyyət istiqamətləri və cari biçin mövsümünün gedişi barədə ətraflı məlumat veriblər.
Biçin kampaniyasının təhlükəsiz şəraitdə həyata keçirilməsi məqsədilə sahələrdə yanğın və digər fövqəladə halların qarşısının alınması üçün bütün zəruri təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib.






