Ağcabədidə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Qeyd Olunub
05 iyun 2026 | 19:25
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2024-cü il tarixli Sərəncamına əsasən, su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə verilən yüksək qiymətin ifadəsi olaraq hər il iyunun 5-i Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Bu münasibətlə iyunun 5-də Ağcabədi rayonunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov və Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev çıxış edərək kollektiv üzvlərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlarda ölkədə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən mühüm layihələrdən və əməkdaşların üzərinə düşən məsul vəzifələrdən bəhs olunub.
Tədbir çərçivəsində öz işində fərqlənən bir qrup əməkdaş Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının və Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Fəxri fərmanları, həmçinin Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqının təşəkkürnamələri ilə təltif olunublar.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.






