Ağcabədidə “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda tədbir keçirildi
iyun ayının 7-də Ağcabədi Rayon İcra Hakimiyyətində rayon rəhbərinin, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi, Ağcabədi Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyələrin və media nümayəndələrinin iştirakı ilə yığıncaq keçirildi.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının əhəmiyyətindən söz açdı. Rafil Hüseynov bildirdi ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar isə onu göstərir ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcəkdir. Odur ki, dövlətlə yanaşı vətəndaş olaraq bizlər də su ilə bağlı yanaşmamızı dəyişməliyik. Gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün məsuliyyət göstərməliyik. Rayon rəhbəri onu da qeyd etdi ki, torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb. O, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunmasının, mütəmadi olaraq monitorinqlərin keçirilməsinin, həmçinin əkin sahələrinin vaxtında və normal suvarılmasının, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə və növbəlilik prinsipləri əsasında verilməsinin ciddi nəzarətdə saxlandığını diqqətə çatdırdı. Əlavə olaraq o da qeyd olundu ki, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək.
Daha sonra çıxış edən Əkbər Əsgərov, Bayram Əliyev, Sərxan Bayramov ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və suvarma suyu ilə təminatının sosial siyasətin əsas hədəflərindən olduğunu iştirakçıların diqqətinə çatdırdılar. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı son illərdə ciddi layihələr reallaşdırıldığını və qarşıya hədəflər qoyulduğunu bildirdilər.
Tədbir geniş diskussiya və müzakirə şəraitində davam etdirildi.