Ağcabədidə sərbəst güləş üzrə açıq rayon turniri keçirilmişdir.
Ağcabədidə sərbəst güləş üzrə açıq rayon turniri keçirilmişdir.
06 may 2023-cü il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş azyaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilmişdir. Ağcabədi Olimpiya İdman Kompleksində baştutmuş turnirdə 19 şəhər və rayonun 200 ə yaxın idmançısı iştirak etmişdir.
Turnirin açılış mərasimində öncə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himnimiz səsləndirilmişdir.
Sonra Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərk qeyd etdi ki, Ulu Öndərimiz Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli, tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Turnirin açılış mərasimindən sonra mükafatlandırma mərasimi olmuş və yarış davam etmişdir. Turnirdə ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara təşkilatçılar tərəfindən diplom, medal və kuboklar təqdim olunmuşdur.