Ağcabədidə şəhid Samir Mikayıllının ailəsi iftar süfrəsi təşkil edib.
Müqəddəs Ramazan ayı münasibətilə martın 4-də Ağcabədi rayonunda Vətən müharibəsi şəhidi Samir Mikayıllının ailəsi tərəfindən iftar süfrəsi təşkil olunub.
İftar mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məclisdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, onların ruhuna dualar oxunub. Çıxış edənlər şəhidlərin göstərdikləri qəhrəmanlığın heç zaman unudulmayacağını, onların xatirəsinin daim uca tutulduğunu bildiriblər.
İftar süfrəsi başa çatdıqdan sonra rayon rəhbəri belə bir xeyirxah təşəbbüslə çıxış edərək şəhid ailələrini bir araya topladığına görə şəhid Samir Mikayıllının ailəsinə minnətdarlığını ifadə edib.
Şəhidin atası Sabir Sultanov isə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək, müqəddəs Ramazan ayında belə bir məclisdə hər kəsi bir süfrə arxasında görməkdən məmnunluğunu qeyd edib.
Qeyd edək ki, iftar məclisi xalqımızın həmrəyliyini, şəhidlərimizin əziz xatirəsinə göstərilən dərin ehtiramı və milli-mənəvi dəyərlərimizə bağlılığını bir daha nümayiş etdirib.






