Ağcabədidə şəhid anaları və xanımları ilə görüş keçirilib
Ağcabədidə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları ilə görüş keçirilib.
Əyləncə mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının və Qardaş Türkiyə respublikasında həlak olan zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb, vətən uğrunda can verən oğullarımızın xatirəsinin hər zaman ehtiramla yad olunduğunu diqqətə çatdırıb. R.Hüseynov bildirib ki, şəhidlərimiz kimi, onların valideynləri, xanımları, övladları da dəyərlidir, əzizdir. İcra başçısı 8 Mart – Beynəlxalq Qadınlar günündə məhz şəhid anaları və xanımları ilə görüşün keçirilməsinin də bu insanlara olan böyük ehtiramın təcəssümü olduğunu qeyd edib.
Sonra “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Şamxal Səlimov, şəhid atası Sabir Sultanov, Azərbaycan Yazıçılar birliyinin üzvü, şair Gündüz Sevindik, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin sədri Arzu Niftəliyeva çıxış edərək, beynəlxalq qadınlar günü münasibətilə xanımlara təbriklərini çatdırıblar.
Tədbirdə həmçinin şəhid anaları Zülfiyyə Quliyeva, Məlahət Həziyeva, şəhid xanımı Qumru Süleymanova çıxış edib və şəhid ailələrinə göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Sonra şəhid anaları və xanımlarına hədiyyələr təqdim olunub.
Yekunda şəhər 5 saylı tam orta məktəbinin şagirdləri tərəfindən qadınlara həsr olunmuş şeirlər səsləndirilib.