Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə şəhid ailələri və qazilər ziyarət olunub

11 mart 2023 | 11:02

Yaz təravətli Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Artıq baharın yurdumuza gəlişinə sayılı günlər qalır.

2020-ci ilin sonlarınadək keçirilən bütün bayramlarda tək bir arzumuz olardı ki, gələn il bu vaxt torpaqlarımız işğaldan azad olunsun, gözəl günləri o yerlərdə qeyd edək. Artıq bu gün biz qalib ölkənin vətəndaşları olaraq bayramlarımızı ürək açıqlığı ilə keçirir, işğaldan azad olunmuş torpaqlarımızda gedən nəhəng quruculuq, abadlıq işlərinə şahidlik edirik. Əlbəttə, bu Zəfər birdən-birə qazanılmadı. Ali Baş Komandanın rəhbərliyi ilə vətənin igid, qəhrəman oğullarının canı, qanı, sağlamlığı hesabına əldə edilən qələbənin dəyərinin nə qədər böyük olduğunu gözəl bilirik. Bəli, o oğullar torpaqlarımızın azadlığı uğrunda can qoydular. Gələcək nəsillər öz torpaqlarında xoşbəxt, firavan yaşasın deyə… Ana-bacılarımızın göz yaşları qurusun deyə… Xalqımız boynubükük, məğlub, çarəsiz görünməsin deyə…

İndi şəhidlərimizin xatirəsini yaşatmaq, onların ailələrinin, həmçinin qazilərimizin qayğısına qalmaq, həyat səviyyələrinin yaxşılaşdırılmasını təmin etmək təkcə dövlətin həyata keçirdiyi işlərlə bitməməlidir, bu həm də hər birimizin bir vətəndaşlıq borcudur. Ağcabədililər hər zaman bu ailələrin yanında olur, xüsusən bayram günlərində onların əhval-ruhiyyəsini bayram ab-havasına kökləmək üçün müəyyən tədbirlər keçirir, ziyarətlər edirlər. Rayon rəhbərliyi bu ənənəni Novruz bayramı ərəfəsində də davam etdirib.

Martın 10-da icra başçısı Rafil Hüseynov Ağcabədi şəhərində, eləcə də Köyük, Muğanlı, Minəxorlu kəndlərində şəhid Gülalı Qəhrəmanov, Məkan Qəhrəmanov, Taryel Atayev, qazilər İntiqam Hacıyev, Elnur Fərzəliyev, Cavid Allahverdiyev, Uğur Qarayevin evində olub. Görüşlərdə Ağcabədi RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, kənd icra nümayəndələri və yerli mətbuat işçiləri iştirak edib.

Çay süfrəsi arxasında keçən görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin ailələrinə, müharibə iştirakçılarına göstərilən diqqətdən söz açılıb. Şəhidlərin valideynləri, ailə üzvləri dövlət başçısına, həmçinin rayon rəhbərliyinə göstərdikləri daimi qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qazi Elnur Fərzəliyevin anası Sevda Fərzəliyeva söhbət zamanı Vətən müharibəsi dövründə yaşananları bir daha xatırlayıb, həmin günlərdə xalqımızın yumruq kimi bir olmasından, uşaqdan-böyüyə hər kəsin televizor qarşısında əyləşərək daha bir şad xəbər gözləməsindən qürurla danışıb. Məktəbdə müəllim işlədiyini bildirən S.Fərzəliyeva onu da qeyd edib ki, hər zaman şagirdlərə işğal altına olan torpaqlarımızdan danışarkən sonluğu necə bitirəcəyimi bilmirdim. Amma bu gün onlara bu haqda ürəklə məlumat verə bilirəm və fəxr edirəm ki, mənim övladımın da qələbəmizdə payı var…

Ziyarətlər zamanı şəhid ailələri, qazilər qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edilib, onlara bayram sovqatları təqdim olunub.

Keçidlər