Ağcabədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası davam edir.
11 aprel 2026 | 17:33
Ağcabədi rayonunda yaşıllaşdırma tədbirləri çərçivəsində növbəti ağacəkmə aksiyaları təşkil olunub. Aksiyalar rayonun “Zəfər” prospektində, həmçinin Bəhrəmtəpə–Mingəçevir magistral yolunun Aşağı Avşar və Hacıbədəlli kəndləri ərazisindən keçən hissəsində həyata keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində baş tutan tədbirlərdə icra başçısı Rafil Hüseynov, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektiv üzvləri iştirak ediblər.
Keçirilən aksiya zamanı “Zəfər” prospektində ümumilikdə 700 ağac əkilib. Bunlardan 200-ü həmişəyaşıl, 200-ü meyvə, 300-ü isə müxtəlif meşə ağaclarıdır. Eyni zamanda ərazidə gül kolları da əkilib.
Aşağı Avşar və Hacıbədəlli kəndləri ərazisində isə ümumilikdə 600 ağac əkilib. Onlardan 500-ü meyvə, 100-ü isə həmişəyaşıl ağaclardır. Bununla yanaşı, yolkənarı ərazilərdə abadlıq işləri görülüb, ot örtüyü biçilib, əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, ağacəkmə aksiyaları rayonun bir sıra kəndlərində də həyata keçirilib. İlin əvvəlindən start götürən bu cür tədbirlərin gələcəkdə də ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.






