Ağcabədidə sakinlərin təbii qazla bağlı müraciətləri cavablandırılıb
“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağcabədi xidmət sahəsində təşkil olunan növbəti “Açıq mikrofon” aksiyasında sakinlərin problemləri dinlənilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Regional İdarənin rəisi Azay Muxtarov vətəndaşların qaz təchizatı ilə bağlı ünvanladıqları müraciətləri cavablandırıb.
Vətəndaşlar görüş zamanı sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qeyri-yaşayış sahəsində ad dəyişikliyi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ediblər. Bundan əlavə, "Səyyar qəbul otağı"nın imkanlarından Sarıcalı, Hacılar, Poladlı, Taylan kəndlərinin sakinləri də istifadə ediblər. Vətəndaşlar bu kəndlərin qazlaşdırılması ilə bağlı ünvanladıqları müraciətlərin Birliyinin baş direktoruna çatdırılmasını xahiş ediblər. Daxil olan hər bir müraciətin araşdırılması üçün aidiyyəti üzrə yönləndiriləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.