Ağcabədidə şagirdlər arasında narkotik vasitələr və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Avşar kənd tam orta məktəbində narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə, onların qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərin narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, cəmiyyətə və gələcək nəslin inkişafına vurduğu zərər barədə məlumatlandırılması, onların zərərli vərdişlərdən uzaq tutulması və sağlam həyat tərzinin təbliğindən ibarət olub.
Tədbirdə Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev, YYÇPİTQ-un inspektoru, polis baş leytenantı Əkbər İbrahimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi rayon üzrə sektor müdiri İsrafil Paşayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Hafiz Hüseynov çıxış ediblər.
Çıxışlar zamanı narkotik vasitələrin insan orqanizminə və psixoloji vəziyyətə mənfi təsirləri, narkotik asılılığının yaratdığı sosial fəsadlar, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi məsuliyyət barədə ətraflı məlumat verilib.
Həmçinin gənclərin zərərli vərdişlərdən qorunmasında ailənin, təhsil müəssisələrinin və cəmiyyətin üzərinə düşən vəzifələr, yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbir çərçivəsində şagirdlərə narkotik vasitələrin yaratdığı təhlükələrə qarşı diqqətli olmaq, hüquq pozuntularından uzaq durmaq və sağlam gələcək naminə düzgün həyat seçimləri etmək tövsiyə olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.






