Ağcabədidə Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.
20 oktyabr 2026 | 16:40
Ağcabədi Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Şuranın şöbə müdiri Elşad Quliyev, rayon ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və hesabat dövründə vəfat etmiş rayon ağsaqqallarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri Nəcəfov Əlizadə Şəmil oğlu hesabat məruzəsi ilə çıxış edərək, ötən bir il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Məruzə ətrafında Şuranın İdarə Heyətinin üzvləri Qurban Babayev, Vaqif Qarayev və Heydər Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra Şuranın birillik fəaliyyəti qənaətbəxş hesab olunub, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Nəcəfov Əlizadə Şəmil oğlu yenidən Şuranın sədri seçilib.
Çıxış edən Rafil Hüseynov ağsaqqalların rayonun ictimai həyatındakı rolunu, onların zəngin təcrübəsinin, müdrik məsləhətlərinin və milli-mənəvi dəyərlərin qorunmasındakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Professor Vahid Novruzov isə ağsaqqalların cəmiyyətdəki nüfuzundan, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsində onların üzərinə düşən vəzifələrdən danışıb.
Yığıncağın sonunda ağsaqqalların rayonun ictimai-mədəni həyatında fəal iştirakını davam etdirəcəkləri, milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və cəmiyyətdə sağlam mənəvi mühitin möhkəmləndirilməsinə töhfə verəcəkləri bildirilib.






