Ağcabədidə Qurban bayramı münasibətilə 600 ailə ziyarət olunub
Qurban bayramı münasibətilə Ağcabədi rayonunda şəhid ailələri, müharibə veteranları, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələr ziyarət olunub.
Hər il olduğu kimi, bu il də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiya çərçivəsində ehtiyac sahibi ailələrə bayram sovqatları təqdim edilib. Bayram günlərində insanların sevincinə şərik olmaq, onlara diqqət və qayğı göstərmək məqsədi daşıyan bu təşəbbüs artıq rayonda ənənə halını alıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları iştirak ediblər. Bayram sovqatları ailələrə yaşadıqları ünvanlarda təqdim olunub.
Görüşlər zamanı sakinlər Qurban bayramı münasibətilə təbrik edilib, onlara möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzulanıb. Eyni zamanda ailələrin qayğı və problemləri ilə maraqlanılıb, onların müraciətləri dinlənilib.
Qeyd edək ki, həyata keçirilən ziyarətlər çərçivəsində rayon mərkəzi və kəndlər üzrə ümumilikdə 600 ailəyə qurban payı və müxtəlif növ ərzaq yardımları çatdırılıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






