Ağcabədidə qanunsuz tikintilərlə mübarizəyə həsr olunmuş iclas keçirilib
04 mart 2025 | 18:08
Fevralın 4-də Ağcabədi Rayon İcra Hakimiyyətində rayonda qanunsuz tikintilərlə mübarizəyə qarşı həsr olunmuş iclas keçirilib. Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti başçısının I müavini Xətai Zeynalov, Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional tikinti müfəttişliyinin rəisi Yusif İsmayılov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin Qarabağ iqdisadi rayonu üzrə şəhərsalma nəzarət şöbəsinin müdir müavini Siyavuş Alışov, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Asif Məmmədov, həmçinin aparatın məsul əməkdaşları, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İclası giriş nitqi ilə açan icra başçısı Rafil Hüseynov mövzu ilə bağlı gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırdıqdan sonra qeyd edib ki, rayon ərazisində 2024-cü ildə 33 qanunsuz tikinti aşkar edilib. Bununla bağlı aidiyyəti üzrə akt tərtib edilərək qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq qurumlara və tikinti işlərinin dayndırılması ilə bağlı vətəndaşlara məlumat xarakterli məktub ünvanlanıb. Aşkar edilmiş qanunsuz tikililər rayon mərkəzində, həmçinin qəsəbə və kəndlərdə qeydə alınıb – deyə rayon rəhbəri qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional tikinti müfəttişliyinin rəisi Yusif İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının I müavini Xətai Zeynalov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin Qarabağ iqdisadi rayonu üzrə şəhərsalma nəzarət şöbəsinin müdir müavini Siyavuş Alışov və Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Asif Məmmədov mövzu ətrafında çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüblər. Qeyd olunub ki, yeni seçilmiş bələdiyyələr yerli icra nümayəndələri ilə birgə bələdiyyə ərazisindəki həyata keçirilən qanunsuz tikililərin qarşısını almaqla yanaşı, tikinti aparan şəxslərlə maarifləndirici söhbətlər də aparmalıdırlar. O da vurğulanıb ki, bələdiyyələr onlara məxsus torpaqlardan səmərəli istifadə etməli, zəbt olunmuş bələdiyyə torpaqlarının zəbtdən azad olunması, örüş sahələrinin əhalinin istifadəsinə qaytarılması və həmin sahələrdə əkin işlərinin aparılmasının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirməlidir.